Artıq 26800  ədəd xalq kompüteri alınıb.

«Xalq Kompüteri» layihəsi növbəti mərhələdə

Noyabrın 18-dən etibarən «Xalq Kompüteri» layihəsinin növbəti mərhələsinə start verilib. Bu mərhələ orta məktəb müəllimlərinə aid edilir.Lakin 2010-cu ilin İ-rübündən etibarən layihəyə ali məktəb müəllim və tələbələrinin də cəlb olunması gözlənilir.

Qeyd edək ki, «Xalq Kompüteri» layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri tərəfindən reallaşdırılır. Layihənin operatoru «Bestcomp Group» şirkətidir.

Bu haqda açıqlama verən, "HP Azərbaycan" şirkətinin biznes inkişafı üzrə meneceri Rasim Bəxşi bildirib ki, 2010-ci ilin Yanvar ayından etibarən layihə çərçivəsində kompüterlər ali məktəb müəllimlərinə və tələbələrə təqdim edilməsi planlaşdırılır.Bu zaman kompüterlərin qiyməti dəyişməyəcək, konfiqurasiyaları isə gücləndiriləcək. Belə ki, artıq 2 GB əməliyyat yaddaşının əvəzinə 3 GB əməliyyat yaddaşı olan kompüterlər təqdim ediləcək.

Bununla yanaşı, layihədə iştirak etmək üçün iki şirkət - «Symantec» və «KÜR» şirkəti təşəbbüs irəli sürüb. Belə ki, birincisi «Norton Antivirus» proqramlarını layihə çərçivəsində güzəştli şərtlərlə (ayda 35 qəpik), yerli zavod isə 1 və 4 portlu ADSL modemlərini müvafiq olaraq ayda 2,8 manat və 3,5 manat ödəməklə almağı təklif edir.

Bundan başqa, layihə çərçivəsində kompüter alanlara 1 aylıq pulsuz internet xidmətləri təqdim edilir. «Bestcomp Group» şirkəti tərəfindən 3, 6 və 9 ay ərzində kompüterin dəyərini ödəyənlərə müvafiq olaraq çox funksiyalı printer, printer və flash-kart hədiyyə olunacaq.


Layihə bir sıra mühüm dövlət proqramlarına, o cümlədən «Elektron Azərbaycan» Dövlət Proqramına və «2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»na tam uyğundur.

Layihənin əsas məqsədi əhalinin sosial təbəqələri üçün lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterlərin güzəştli şərtlərlə əldə olunmasında şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli bərabərsizliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir."Xalq kompüteri" layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.

 

 




=