Artıq 26800  ədəd xalq kompüteri alınıb.

«Xalq kompüteri» pilot layihəsinin nəticələri açıqlanmışdır

«Xalq kompüteri» pilot layihəsinin nəticələri açıqlanmışdır

Azərbaycanın 3,5 mindən yuxarı orta məktəb müəllimi layihə çərçivəsində güzəştli şərtlərlə müasir kompüterlər əldə etmişlər.

17 noyabr 2009-cu il tarixdə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycanın Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə həyata keçirdiyi «Xalq kompüteri» pilot layihəsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirildi. Mətbuat Konfransında pilot layihəsinin nəticələri açıqlandı, eyni zamanda İKT sahəsində müxtəlif peşə sahibləri və tələbələrə geniş imkanlar yaradan «Xalq kompüteri» layihəsinin yeni mərhərləsi elan olundu.

Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etmələrinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökümətinin informasiya cəmiyyətinin və e-hökümətinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

«Xalq kompüteri» pilot layihəsi çərçivəsində kompüter əldə edilməsində güzəştli şərtlər Azərbaycanın orta ümumtəhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuşdu. Pilot layihəsinin nəticələrinə əsasən Azərbaycanın orta ümumtəhsil məktəblərinin 3,5 mindən artıq müəllimi güzəştli şərtlərlə müasir kompüterlərə yiyələnmək və İnternet şəbəkəsinə qoşulmaq imkanı əldə etdilər.

Layihənin şərtlərinə uyğun olaraq, müəllimlərə Microsoft şirkətinin lisenziyalı proqram təminatının quraşdırıldığı HP şirkətinin istehsalı olan mini-noutlar (MiniNote), noutbuklar (Notebook) və stolüstü kompüterlər (Desktop) təklif edilmişdir. Müəllimlər bütün avadanlıqları 12 ay müddətinə faizsiz kreditlə əldə edə bildilər. «Xalq kompüteri» çərçivəsində təqdim edilən kompüterlərin məbləği bazar qiymətlərindən 25-40% aşağıdır. Bundan başqa, layihənin iştirakçılarına "Azərtelekomnet"dən və "Bakinternet"dən internetə qoşulmaq üçün kartlar təqdim olunur. Texnikanın tədarükü HP və Microsoft şirkətinin yerli tərəfdaşı olan "Bestcomp Group" şirkəti tərəfindən həyata keçirilmişdir.

«Xalq kompüteri» layihəsinin həyata keçirilməsi Azərbaycanda hökumət və özəl sektorların uğurlu əməkdaşlığının, eləcə də dövlət strukturlarının və İKT sektorunun dünyanın aparıcı biznes şirkətləri ilə tərəfdaşlığının təzahürüdür.

Pilot layihəsinin 6 aylıq işinin nəticələrinə əsasən pedaqoqların layihədə iştirak etmək üçün göstərdikləri yüksək maraq səviyyəsi üzə çıxmışdır. Ən çox fəallığı Bakı, Salyan və Quba şəhərinin müəllimləri göstərmişdirlər.

«Xalq kompüteri» pilot layihəsinin bu cür nəticələri müəllimlər arasında informasiya texnologiyalarına olan yüksək tələbatdan, eləcə də layihənin davam etdirilməsi və inkişafı zərurətindən xəbər verir.

«Xalq kompüteri» layihəsinin ikinci mərhələsində iştirakçı dairəsini genişləndirərək layihəyə ali məktəb müəllimləri və tələbələri, həkimlər və digər peşə nümayəndələrinin də cəlb edilməsi planlaşdırılır.

 

 

 

 

 




=