Artıq 26800  ədəd xalq kompüteri alınıb.

Azərbaycanda kompüter və internet istifadəçilərinin sayı artmaqda davam edir.

2009-cu ilin ilk yarımilliyində Azərbaycanda hər 100 nəfərə düşən kompüterlərin sayı 8-ə çatmışdır

Cari ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) kollegiya iclasında bildirilmişdir ki, 1 iyul tarixinə ölkədə hər 100 nəfərə 7 internet istifadəçisi düşürdü.

Xatırladaq ki, hazırda Azərbaycanda "Xalq Kompüteri" layihəsi həyata keçirirlir. Həmin layihə çərçivəsində 2009-cu ilin 13 iyul tarixinədək 1800 kompüter satılmışdır. HP şirkətində qeyd edirlər ki, sifarişlərin 90% noutbukların payına düşür, mini-noutlara tələbat isə aşağıdır.

"Xalq Kompüteri" layihəsi cari ilin aprel ayında başlandı. Layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompüter və lisenziyalı proqram təminatlarının alınması üçün şərait yaratmaq, bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə "rəqəmsal bərabərsizliyi" azaltmaq, habelə Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyətini dəstəkləməkdir.

Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur.

Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır: 

  • Əqli əməyin təşviqi;
  • Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
  • İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
  • E-hökumətin inkişaf etdirilməsi;
  • Təhsil sisteminin dəstəklənməsi;
  • İntellektual mülkiyyətin qorunması;
  • Kompüter vərdişlərinin təşviqi;
  • Aztəminatlı sosial qrupların dəstəklənməsi;
  • Əhalinin kompüterlərlə təminatına şərait yaratmaq;
  • Kompüter sayının dünyanın orta göstəricilərinə çatdırmaq.

Hazırda 4 ay müddətini əhatə edən pilot layihəsi reallaşdırılır. Bu müddət ərzində layihə çərçivəsində təqdim olunan kompüterlər yalnız müəllimlər üçün nəzərdə tutulur. Gələcəkdə layihənin digər sosial qrupları da (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) əhatə etməsi gözlənilir.

Layihə çərçivəsində HP şirkəti beş min ədəd mini-nout (MiniNote), noutbuk (Laptop) və stolüstü kompüter (Desktop) təqdim edəcək. Bütün avadanlıqlarda Microsoft-un lisenziyalı əməliyyat sistemi quraşdırılmışdır. Bu, Azərbaycanın Təhsil Nazirliyi və Microsoft korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.

Bütün avadanlıqlar 12 ay müddətinə faizsiz kreditə verilir. Kompüterlərin qiyməti bazar qiymətlərindən 25-40% aşağıdır. Bütün kompüter alan müəllimlərə Təhsil Nazirliyi tərəfindən elektron dərsliklərin, "AzTeleKom" İstehsalat Birliyi və BTRİB tərəfindən isə 100-saatlıq internet kartların təqdim olunması planlaşdırılır.

Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu ilə "Azərpoçt" Dövlət Müəssisəsi tərəfindən təmin edilir.

"Xalq kompüteri" layihəsinin həyata keçirilməsi Azərbaycanda hökumət və özəl sektorların tərəfdaşlıq konsepsiyasının, habelə dövlət strukturların və İKT sektorun dünyanın aparıcı biznes qurumları ilə tərəfdaşlığının təzahürüdür.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" əsasında Bakı və Sumqayıt, habelə Abşeron rayonunun 200-ə qədər tədris müəssisələrini internet-xidmətlərlə və internet şəbəkəsinə girişlə təmin olunması nəzərdə tutulmuşdur. 2009-cu ildən bu tədbirlər ölkənin digər şəhər və rayonlarında həyata keçirilirlər.




=